Beyinləri lovğalıq və təkəbbürlə dolu olan insanların bütün hərəkət və düşüncələri insanların gözündə bir dəyər və hörmət qazanıb üstün olmağa xidmət edir. Buna görə də belə adamlar səhv etməkdən çox qorxurlar. Çünki səhv etdikləri zaman insanların gözündən düşəcəklərini, onların etibarını itirəcəklərini düşünürlər. Özlərinə qeyri-adi bir tərzdə arxayındırlar, lakin bu arxayınçılıqları ilə yanaşı səhv addım atma ehtimallarının narahatlığını daim hiss edirlər. Özlərini hər bir səhv hərəkətdən uzaq tutmağa çalışır, heç bir səhvi özlərinə yaraşdırmır və xətalarını qəbul etmirlər. Onlar əsla səhv etməyəcəklərini fikirləşirlər. Özlərini hər bir məsələdə daim təmizə çıxarmağa çalışırlar. Ayələrdən birində belə insanlar haqqında belə bildirilir:
Başqa tərəfdən, həmin insanlarla eyni xarakterə malik olan digər insanlar da onların yanında səhv etməkdən çəkinirlər. Çünki onlar başqalarının səhvlərini çox şişirdir və bunu tez-tez dilə gətirirlər. Səhv edən adamlara qarşı amansız olur, onları lağa qoyur və təhqir edib alçaldırlar. Çünki o biri insanların səhvləri üzə çıxarılıb yayıldıqca özlərinin haqlı yaxud səhvsiz insan olmalarını ortaya qoymaq asanlaşır. Belə təkəbbürlü və lovğa adamların bu hərəkətlərinə görə də heç kim onların yanında özünü rahat hiss etmir, hər kəs onlarla birlikdə olmaqdan bir sıxıntı və narahatlıq duyur. Belə insanlar öz ətraflarına daim mənfi enerji verirlər.
Təkəbbürlü və lovğa insanlar özlərinin haqqında danışılan bu hərəkətlərinə görə səmimiyyətin nə olduğunu heç vaxt bilə bilməzlər. İnsanlardan hər zaman uzaq olduqlarına və qeyri-səmimi davrandıqlarına görə bu zövqdən məhrum olurlar. Bu səbəbdən də həm özləri başqalarına qarşı səmimiyyət göstərə bilmirlər, həm də başqaları onlarla səmimi davranmır. Çünki bu normal adamlar öz səmimi hərəkətləri, səhvləri, təbii qüsurları, zövq və ya əyləncələri ilə lovğa və təkəbbürlü adamlar tərəfindən hər an lağa qoyulmaqdan qorxurlar. Belə ki, lovğa adamların bu mənfi hərəkətləri və pis əxlaqı onların əllərindəki qüvvəni və ya sərvəti itirdikləri zaman tək qalmasına səbəb olur. Lakin bu da yaddan çıxarılmamalıdır ki, onlar özlərini hətta ən yüksək hesab etdikləri zamanlarda belə Quran əxlaqından uzaq olan xüsusiyyətlərinə görə mənəvi baxımdan təkdirlər.