Gözəllik də insanın nəfsinin üzə çıxmasına və onun təkəbbür göstərməsinə səbəb olan cəhətlərdən biridir. Bir çox insanlar dünyanın belə müvəqqəti və tez sıradan çıxa bilən bəzəklərinə aldanırlar. Halbuki gözəllik hər şeydən əvvəl insanın öz səyləri ilə əldə edə bilmədiyi, ona yalnız Allah tərəfindən verilən və hər an geri alınması da çox asan olan bir üstünlük və nemətdir.
Hamı bilir ki, gözəllik çox asanlıqla əldən çıxa bilər. Xalq arasında buna aid «Bir qığılcım da kifayətdir» deyimi var. İnsanın üzündə əmələ gələn bir yara, yanıq və ya bədənin bir əzasının itirilməsi gözəlliyin məhv olması üçün kifayətdir. Bu da cəmiyyətdə tez-tez rast gəldiyimiz bir haldır. Belə ki, heç bir insan özünü bu təhlükədən uzaq hesab edə və ya ondan sığortalana bilməz.
İnsan həmin təhlükələrin hətta heç biri ilə rastlaşmasa belə gözəlliyin qaçılmaz və amansız bir düşməni var ki, o da qocalıqdır. Dünyanın ən gözəl insanı da bir gün yaşlaşıb qocalır və bir qədər sonra onun əvvəlki gözəlliyindən heç bir əlamət qalmır. Cəmiyyət tərəfindən tanınan məşhur insanlar bunun ən bariz nümunəsidir. Belə insanlar bir müddət xalq tərəfindən olduqca bəyənilən, heyranlıqla izlənilən, hamının idealı olan və onların yerində olması arzulanan insanlardır. Lakin müəyyən bir müddət keçdikdən sonra onlar da Allah`ın istəyi ilə qocalırlar, Allah`ın bu yazısına qarşı çıxa bilmir, qocalmağa əngəl olmağı bacarmır, yaşlaşmaqdan xilas ola bilmirlər. Onlar əllərində olan bütün sərvət və imkanlardan özlərini cavanlaşdırmaq üçün istifadə etsələr də bu səyləri ilə qaçılmaz bir yazını ən böyük ehtimalla 3-5 il gecikdirə bilərlər, bundan artıq heç nəyə nail ola bilməzlər.
Gözəllik və gənclikdən irəli gələn təkəbbürün mənasızlığını dərk etmək üçün gətirilən bu nümunələr diqqətçəkicidir. Lakin çox gözəl bir insanın ölümündən sonrakı ilk on gün ərzində düşəcəyi vəziyyətə diqqət yetirmək də çox faydalı olardı.
İnsanın bədəni torpağın altına qoyulduqdan sonra sürətli şəkildə parçalanma mərhələsinə qədəm qoyur. Mikroblar fəaliyyətə başlayır, qarın boşluğunda toplanan qazlar cəsədi şişirdir və bədəni tanınmaz bir vəziyyətə salır. Qazın diafraqmaya göstərdiyi təzyiq nəticəsində ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayır. Hər xarici, həm də daxili orqanlarda çürümə başlayır və ətrafa dözülməz dərəcədə pis qoxular yayılır. Beyin tamamilə çürüyür. Sümüklər oynaqlardan tam ayrılır və insanın skeleti dağılmağa başlayır. Bu hal yalnız sümüklər qalana qədər davam edir.
İnsan bütün bunları gözünün önünə gətirmək istəməsə də bu, hamının qarşılaşacağı qaçılmaz bir həqiqətdir. Əgər insan gözəlliyin yalnız ona aid olduğunu güman edirsə, ondan qalan həmin çürümüş bədəni də özünə aid etməlidir. Lakin dünyanın ən gözəl adamı da bütün bunlardan dəhşətli dərəcədə diksinəcək. Çünki o bu çürümüş cəsədlə özünü insanlara nümayiş etdirə və Rəbbimiz qarşısında təkəbbür göstərib lovğalana bilməyəcək.
Bura qədər söylədiklərimizdə təkəbbürü bir lovğalıq və yekəxanalıq kimi təqdim etdik. Təkəbbürün təsiri nəticəsində ortaya çıxan bir başqa cəhət də məyusluqdur. Bəzi insanlar iddia etdikləri gözəlliyə sahib ola bilmədiklərinə görə məyus olurlar. Əslində bu da elə təkəbbürün başqa bir əlamətidir. Çünki insan öz bədəninə sahib çıxır, gözəlliyinin mənbəyinin özü ilə bağlı olduğunu güman edir və ona verilməmiş bir cəhəti bir qüsur və çatışmazlıq sayır. Ən doğru hərəkət isə Allah`a iman gətirənlərin davranışlarıdır. Möminlər Allah`ın verdiyi bütün nemətlərdən razı qalır, öz cismani xüsusiyyətlərinə görə isə nə məyus olmur, nə də bu cəhətləri ilə lovğalanmırlar. Onlar öz bədənlərinin əsl sahibinin Allah olduğunu anlayıb dərk edir və bununla sınağa çəkildiklərini bilirlər. Onlardan ötrü ən mühüm məsələ insanın ruhu, insanın Allah`a olan səmimi yaxınlığıdır.
Gözəlliyin insana Allah tərəfindən verildiyini bilib Ona şükr etmək və təvazökar olmaq ən doğru davranışdır, əsl müsəlman əxlaqıdır. Belə ki, Allah malik olduğu nemətlər səbəbi ilə həddini aşmayan, təkəbbürlülük etməyən və hər şeyin sahibinin Allah olduğunu bilən insana Öz dərgahından bir rəhmət, sevimlilik və nur verər, beləliklə də o, cismani mənada gözəl sayılan bir çox insanlardan daha üstün cəhətlərlə nemətləndirilmiş olar.