Tarix boyunca yaşamış ən təkəbbürlü və lovğa insanlara nəzər yetirdiyimiz zaman onların mütləq böyük qüvvə və böyük sərvətlər sahibi olduğunu görürük. Bu insanlar əllərində olan gücə və imkanlara görə doğru yoldan azaraq ətraflarında olan insanlara zülm etmişlər.
Halbuki öz var-dövlətləri və sərvətləri ilə lovğalanan bu insanların dərk edə bilmədikləri çox mühüm bir həqiqət var: bu həqiqət də ondan ibarətdir ki, varlı və ya yoxsul olmasından asılı olmayaraq hər bir insan bir gün torpağa tapşırılacaq. Pul, mal-dövlət və sərvətlər isə insan öldüyü zaman öz dəyərini və mənasını itirəcək və bu dünyada qalacaq, insanı qarşıda gözləyən axirət həyatı isə davam edəcək. Bu dünyada əldə etdiyi pulu və sərvəti Allah yolunda sərf etməmişdirsə, həmin insan əbədi həyatda bunların heç bir faydasını görməyəcək. Əlindəki var-dövlətə görə təkəbbür göstərib lovğalanan, özünü üstün sayan insan yaddan çıxarır ki, o, hətta ən kiçik bir virusa da çox asanlıqla məğlub ola bilər. Ən əsası isə odur ki, belə insanların hətta bir dünya qədər var-dövlətləri olsa da onlar təkcə bir mikrob qarşısındakı acizlikdən xilas ola bilmirlər. Hətta bundan artıq var-dövlətləri olsa da onlar ölümdən qaça bilməzlər.
Üstəlik bu insanlar özlərindən sonra qoyub getdikləri var-dövlətləri ilə bu dünyadakı hörmət, etibar və nüfuzlarını qoruyub saxlayacaqlarını fikirləşsələr də axirətdə hesab verəcəkləri gün məyus olacaqlar. Çünki belə adamlar nə qədər varlı olsalar da öləndən 3-5 il sonra onları bəlkə də yalnız bir neçə nəfər xatırlayacaq. Eyni zamanda istisna olaraq hətta bir çoxları tərəfindən xatırlansalar da bunun onlara heç bir faydası olmayacaq. Çünki bütün həyatları boyunca Rəbbimiz qarşısında göstərdikləri təkəbbürün əvəzini alarkən kimlərinsə onları yada salmasının heç bir faydası olmayacaq.
Bu mövzu ilə bağlı başqa mühüm məqam isə təkəbbür göstərib lovğalanan insanların özlərinin bu cəhətləri ilə şəxsiyyət dərəcəsinə yüksəlmələridir. Halbuki əsl şəxsiyyət var-dövlət və zənginliklə əldə edilmir. Çünki bütün bu sərvətlər əldən çıxdıqda və ya həmin var-dövlətin daha artığına sahib olan bir insanla qarşılaşanda bu güc, bu hörmət-izzət, bu mövqe və yüksək mərtəbə qəfildən yoxa çıxır. Əgər bir insan öz sərvəti, var-dövləti və zənginliyi ilə özünə etimad və mövqe qazanıb yüksək mərtəbəyə çatırsa, bütün bunların olmadığı və ya az olduğu hallarda həmin insan təbii olaraq məyus və ya etibarsız olacaq.
Halbuki bütün varlıqları yaradan Allah`a iman gətirən, yalnız Ona etibar edib arxalanan bir insan nə qədər böyük ölçüdə maddi ziyana düşsə də bundan onun şəxsiyyətinə heç bir xələl gəlməz. Çünki gücün yeganə mənbəyi Uca və Qadir Allah`dır və Allah`ın olmaması və itməsi (bu ifadələrdən Allah`a sığınırıq) kimi bir anlayış da qeyri-mümkündür. Deməli, bir insanın özünə etibarını və inamını formalaşdıran yeganə güclü səbəb onun imanından və inamından qaynaqlanan Allah`a güvənc hissidir.
Özünün hər bir işində yalnız Allah`a etibar edib arxalanan insan çox güclü insandır. Allah`ın fövqündə heç bir qüvvə yoxdur. Allah diləmədiyi təqdirdə iman gətirən insana heç bir zərər gəlmədiyi kimi bir hadisənin baş verməsi üçün də Allah`ın yalnız «Ol!» deməsi kifayət edir. Təbiətən aciz və möhtac olan insan övladı üçün Allah`a olan yaxınlıqdan daha böyük bir güc barədə hətta düşünmək də mümkün deyil. Bu səbəbdən də var-dövlətdən və ya başqa imkan və xüsusiyyətlərdən irəli gələn şəxsiyyət anlayışı möminə xas deyildir. Əsl mömin bütün bunları yalnız Allah`ın bir neməti və yalnız Onun yolunda istifadə edilməli olan imkanlar kimi qiymətləndirir. Bir ayədə belə buyrulur:
Yuxarıdakı ayədən də aydın olduğu kimi, təkəbbürlü və lovğa insanlar hətta öz övladlarına da bir növ maddiyyat gözü ilə baxır və onlardan öyünmək və lovğalanmaq vasitəsi kimi istifadə edirlər. Belələri övladlarının malik olduğu bütün xüsusiyyətlərdə öz əməklərinin olduğunu bildirir, elə təkəbbür göstərirlər ki, sanki bu uşaqları yaradan da elə özləridir. Belə insanlar öz övladlarını onlara verilmiş bir nemət və Allah`ın dilədiyi şəkildə tərbiyə edilməli olan əmanət kimi yox, başqaları ilə rəqabətdə istifadə edəcəkləri bir vasitə kimi görürlər. Buna görə də uşaqlarının nə yeməsi, nə geyməsi, hansı məktəbə getməsi, hansı avtomobil və ya hansı ixtİsas sahibi olması kimi məsələlər sözügedən adamlardan ötrü çox böyük əhəmiyyət kəsb edir.
İnsanlar arasında geniş yayılan «özünü nümayiş etdirmək, özünü göstərmək» xəstəliyi yalnız onların övladları ilə məhdudlaşmır. Cəmiyyətin mühüm hissəsini təşkil edən insanlar özlərini bir-birinə yedikləri, içdikləri, geyindikləri, avtomobilləri, yaşadıqları evlər və onların içində olan əşyalarla nümayiş etdirirlər. Burada ən maraqlı cəhət isə odur ki, belə insanlar bütün həyatları boyunca etdikləri hər şeyin başqaları tərəfindən təqdir olunub qiymətləndirilməsini qarşılarına bir məqsəd kimi qoyurlar. Qİsaca olaraq belə demək olar ki, heç kim öz sağlamlığı, ehtiyacı və ya rahatlığı üçün hərəkət etmir. Evlərinin nə ilə döşənməsindən başlayaraq avtomobillərinə, hətta geyimlərinə qədər hər şey onların öyünə və lovğalana bilmələri üçün bir vasitədir. Ətraflarında olan insanların nə deyəcəkləri onlar üçün çox mühümdür. Bu da daimi ehtirasa və daha artığını istəməyə səbəb olur. Görəsən, həmin ehtiras insanın nəfsinin bütün istəklərini təmin etmək üçün kifayətdirmi?
Allah inkarçı bir insanın ehtirasının heç bir zaman bitib-tükənmək bilmədiyini Öz ayələri ilə bizim diqqətimizə çatdırır. İnsanın inkarçılığı və təkəbbürü artdıqca onun var-dövlət ehtirası və acgözlüyü də artır. Belə ki, aşağıdakı ayələr inkarçı insanın malik olduğu mənəvi ruh halını bizə aydın şəkildə açıqlayır:
Ayədə də ifadə edildiyi kimi, bu dünya həyatında nəfsinin istəkləri heç vaxt bitmədiyinə görə insan daim ondan daha artığını əldə etmək istəyir. Arzuladığına sahib olana qədər ehtirasla istəyir, sahib olduqdan dərhal sonra isə yenisini istəməyə başlayır və bu ehtiras onun bütün həyatı boyunca davam edir. İnsan övladı belə hesab edir ki, o, arzuladığı bir şeyi əldə etdikdən sonra çox xoşbəxt olacaq, lakin bu, bir neçə dəfədən sonra bunun əslində belə olmadığını anlayır. Buna baxmayaraq daxilində olan ehtirasın təsiri ilə daha yaxşısını və gözəlini əldə etməyə tamah salır. Məsələn, bir mənzil almaq üçün illərlə çalışır. Həmin mənzili aldıqdan bir-iki il sonra daha yaxşı, daha rahat və geniş bir mənzil görür və bu dəfə onu almaq istəyir. Fərz edək ki, onu da aldı, bundan da üç-beş il keçəndən sonra ayrıca bir evə köçmək kimi xəyallar qurmağa başlayır. Yaxşı, bunu da aldıqdan sonra nə olacaq? Yəqin ki, sonra da daha yüksək quruluşa malik, lüks döşənmiş, üzgüçülük hovuzu və ya müxtəlif özəllikləri olan yeni bir yer istəməyə başlayacaq.
Ətrafımızda da bunun müxtəlif nümunələri ilə rastlaşırıq. İnsanlar ev, avtomobil, bağ kimi şeylərlə və övladları ilə məşğul olarkən özlərini çox dar çərçivəyə salır və həyatlarının sonuna qədər vaxtlarını bunlarla keçirirlər. Əlbəttə, insanların bunları istəməsi çox təbii və məqbuldur, lakin onların bütün həyatlarını belə işlərə sərf etməsi son dərəcə mənasızdır. Beləliklə, bəzi insanlar belə həyat oyunlarında öz istəklərinə nail olsalar da onların əksəriyyəti öz arzusuna çatmır və həyatdan da ürəklərində qalmış həmin arzu və ehtirasları ilə birgə köçürlər.
Belə böyük var-dövlət ehtirasına malik olmaq əslində çox mənasız işdir. Bu mənasızlıq yalnız dünyanın müvəqqəti olması və həyatın bir göz qırpımında keçməsi ilə bağlı deyil. Bunu da unutmaq olmaz: dünyada ən zəngin insanların həyatına nəzər yetirdiyimiz zaman görürük ki, belə adamlar onlarla otaqdan ibarət olan malikanələrə malik olsalar da onlar eyni anda bütün otaqlardan istifadə edə bilmədiklərinə görə bu otaqların yalnız birində yaşayırlar. Onlar qarderoblarla dolu olan geyimlərə malik olsalar da eyni anda yalnız bir geyimdən istifadə edirlər. Həmçinin hər saatda bir geyim dəyişdirsələr də bir müddətdən sonra bundan da bezirlər. Allah`ın neməti olan minlərlə növ yeməklərə malik olsalar belə ən çoxu iki-üç qab yeməklə kifayətlənir, çox yemək istəsələr də bu, onlardan ötrü bir işgəncəyə çevrilir... Bütün bu qeyd olunanlardan aydın görünür ki, insanların əksər davranışları yalnız boş ehtirasdan irəli gəlir. Halbuki adi gözlə baxdığımız zaman bu sadalananlar nə ehtiras, nə də təkəbbür qaynağıdır, tam əksinə, bütün bunlar müvəqqəti dünyanın aldadıcı üzüdür. İnsanların qulaqardına vurduğu və diqqət yetirmədiyi bu həqiqət Quranda belə ifadə edilir:
Burada diqqət yetirilməli olan başqa bir mühüm cəhət isə insanın sahib olduğu hər şeyin yalnız Allah`ın diləməsi ilə mövcud olmasıdır. Allah bəzi insanları onlar dünyaya gələndən etibarən varlı edir, bəzilərini də bütün ömrü boyu yoxsulluqla imtahana çəkir. Lakin bir insanın Allah`ın ona verdiyi nemətlərə görə təkəbbür göstərib lovğalanması ağılsızlıqdır. Çünki Allah insanlar arasında istədiyi adama çox az, bəzilərinə isə daha artıq nemət və ruzi verə bilər. Hər iki hal da imtahan üçündür, dünyada kimin daha yaxşı və gözəl əməl sahibi olacağını sınamaqdan ötrüdür. Bu da bir ayədə belə ifadə edilir:
Bu halda müddəti bir göz qırpımına bərabər olan dünya həyatında bir tələyə düşməmək və əlindəki var-dövlətdən Allah`a təkəbbür göstərmək vasitəsi kimi yox, Ona şükr etmək vasitəsi kimi istifadə etmək lazımdır. Çünki qiyamət günü bütün var-dövlətin və övladların yox olub gedəcəyi dəhşətli bir gündür. Hər şeyin alt-üst və darmadağın olacağı həmin qiyamət günü həm bunlardan bir əsər-əlamət qalmayacaq, həm də Allah`a qarşı işlənən hər bir günahın cəzası veriləcək.
Bu kitabın sonrakı fəsillərində əllərindəki var-dövlətləri səbəbi ilə təkəbbür göstərib lovğalanan və bu cəhətlərinə görə adları Quranda çəkilən insanların həyatından müfəssəl şəkildə nümunələr verəcəyik.