Təkəbbür sevməyin və sevilməyin qarşısında bir maneədir

Belə insanlar ən çox özlərini sevir, buna görə də həqiqi sevgini əsla yaşaya bilmirlər. Belə adamlar ən çoxu müəyyən bir həddə qədər sevgini təqlid edə bilirlər. Başqalarını sevmək onlara ar gəlir, hər zaman sevilən kəs və maraq dairəsində qalan adam olmaq istəyirlər. Sevməyi və ya sevgi göstərməyi bir növ zəiflik kimi qiymətləndirirlər.

Bu adamların sevmək kimi qabiliyyətləri onların içindəki təkəbbürə görə hələ inkişaf etməmişdir. Çünki birini sevə bilmək üçün həmin insanda hər şeydən əvvəl müsbət cəhətləri görə bilmək lazımdır. Lakin lovğa və təkəbbürlü insanlar bunları görmək istəmirlər. Çünki onların gözündə həmişə ən üstün olan insan elə məhz özləridir. Bu səbəbdən də başqalarının sahib olduğu gözəlliyə, ağıla, əxlaqa və ya var-dövlətə qısqanclıqla yanaşır, onların sahib olduqlarına həsəd aparırlar. Bu həsəd hissi bəzən elə bir həddə çatır ki, həmin insanların bütün müsbət və gözəl xüsusiyyətlərini itirməsini arzulayırlar.

Lovğa adamların sevgi hissini duya bilməməsinin başqa bir səbəbi isə onların qarşı tərəfin sahib olduğu müsbət cəhətləri görə bilməmələridir. Üstəlik onlar bu cəhətləri görsələr də onu dilə gətirməkdən çəkinirlər. Əgər olduqları şəraitdə özlərindən daha üstün xüsusiyyətlərə malik olan insanlar varsa, dərhal oradan uzaqlaşmaq istəyirlər. İçlərində gəzdirdikləri həsəd və qısqanclıq səbəbi ilə başqa insanlarla anlaşa və yola gedə bilmirlər.

Belə bir davranış sərgiləyən təkəbbürlü insanlar əslində çox böyük səhvlərə yol verirlər. Allah`ın insanlara verdiyi mühüm nemət olan sevgini beləcə əllərindən qaçırır və əsl sevgini bütün həyatları boyunca hiss etmirlər. Belə insanlar sevməyi bacarmadıqları kimi hətta ağıllı və gözəl olsalar belə heç kim tərəfindən həqiqi mənada sevilə bilməzlər. Ola bilər ki, onların yanında özlərinin müəyyən şəxsi mənfəətlərini əsas götürən insanlar olsun. İnsanların əksəriyyəti isə belələrini öz aralarında hətta görmək də istəməz. Çünki onların xarakterində və xüsusiyyətlərində insanları özlərindən diksindirib uzaqlaşdıran cəhətlər var. Əlbəttə, lovğa və təkəbbürlü adamların imkanları nə qədər geniş və böyük olursa-olsun, fərqi yoxdur, sevgi, yaxınlıq, səmimiyyət və təvazökarlıq olmayan yerdə hamının belələrindən qaçıb uzaqlaşması təbiidir.