Tənqid edilmək təkəbbürlü və lovğa insanların böyük narahatlığına və qəzəbinə səbəb olur. Onlar tənqid edildikdə və ya səhvləri üzlərinə deyildikdə əl və üz əzələləri gərilir, sifətləri donuqlaşır. Onlar nüfuzlarını itirməyi sanki «dünyanın başlarına uçması» kimi qəbul edirlər. Özləri başqalarının səhvlərini ələ saldıqlarına və onları lovğa-lovğa tənqid etdiklərinə görə başqalarının da onlara eyni gözlə baxacağını, onları ələ salıb alçaldacağını güman edirlər. Bir məsələdə tənqid edildikləri zaman və ya onlara öyüd-nəsihət veriləndə hamının qarşısında alçaldıqlarına inanırlar. Belə ki, bu ruhi vəziyyət də onların yalnız mənəvi cəhətdən deyil, cismani baxımdan təsirlənmələrinə səbəb olur. Mimikalarının təbiiliyi aradan qalxır, səs tonlarında enib-qalxmalar müşahidə olunur, adi halda onlarda rastlanmayan davranışlar ortaya çıxır, beləliklə də maddi və ya mənəvi baxımdan böyük sıxıntı və əzginlik vəziyyətinə düşürlər. Onlar belə bir vəziyyətdə rahatlığı, sakitliyi heç zaman əldə edə bilməzlər.
Lovğa adamlar həyata hər şeydən əvvəl «ən gözəl», «ən ağıllı», «ən üstün», «ən keyfiyyətli» olmaq iddiası ilə başlamışlar. Bu da onları daim sıxıntıya salan, gərginlik içində saxlayan bir məsələdir. Özlərini bu qədər üstün və qüsursuz hesab etdiklərinə (daha doğrusu, göstərməyə çalışdıqlarına) görə təbii şəkildə hətta ən kiçik bir xatırlatma və ya məsləhət də onları əsəbiləşdirir. Lakin Allah`dan qorxmayan və öz nəfslərini tanrılaşdıran bu insanlar bir şeyi unudurlar. Ola bilsin ki, onlar özlərini başqa insanlar qarşısında səhvsiz, ideal göstərməyə çalışsınlar. Bu zaman bəzən istədiklərinə çata da bilərlər, yəni ətrafında olan bir çox insanlar onların həqiqi mənada qüsursuz olduğunu düşünə bilər. Lakin kiçik və ya böyük olmasından asılı olmayaraq etdikləri bütün səhvlər axirət günü bir-bir onların qarşısına çıxacaqdır. Çünki «Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!» («Bəqərə» surəsi, 77) ayəsində də ifadə edildiyi kimi, üstün qüdrət sahibi olan Allah belə adamların nəfsləri ilə bağlı olan hər bir xırda şeyi də bilir. Onlar isə insanları aldatmağa çalışdıqları halda özləri olduqca axmaq bir vəziyyətə düşmüş, Yaradanı və hesab verəcəkləri günü yaddan çıxararaq yalnız özlərini aldatmışlar.