Vəzifə, ictimai mövqe və nüfuz

«Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən» («İsra» surəsi, 37).

Cəmiyyətdə müəyyən bir mövqe sahibi olmaq və bunun verdiyi nüfuz və etibar dünya həyatının tələlərindən biridir. Buna görə də insanın özünü üstün hesab etməsi, təkəbbür göstərib lovğalanması son dərəcə boş və mənasız işdir. Çünki tarixdə güclü ictimai mövqe sahibi olub yüksələn və çox böyük qüvvəyə sahib olduqları halda onların hamısını bir anda itirən insanlar çox olmuşdur. Bütün insanlar belə nümunələrə şahiddir. Bunları gördükləri halda tutduqları mövqeyə, vəzifəyə və ya sənətlərinə görə təkəbbür göstərib lovğalanan insanlar özləri də bilmədən ağılsız bir vəziyyətə düşürlər. Çünki mövqe və ya nüfuz bu dünyada əldə edilən, bu dünyada qalacaq və üstəlik də yalnız müəyyən insanlar tərəfindən təqdir edilən xüsusiyyətlərdir. Məsələn, varlı bir insan yalnız onun ətrafında işləyənlərin yanında etibar qazana bilər. Yaxud da bir dövlət adamı yalnız öz ölkəsinin insanları tərəfindən yüksək qiymətləndirilə bilər. Bu insan əgər məşhur bir sənət adamıdırsa, o, yalnız əyləndirdiyi insanları razı sala bilər. Hətta bir adamın bütün dünyanın insanları tərəfindən təqdir edilib sevildiyini fərz etsək də vəziyyət yenə dəyişməyəcək. Çünki onu təqdir edən insanlar nəticə etibarilə adi insanlardır və həmin hal da qİsamüddətli olub bir gün bitəcək.

Dünyada əsla dəyişməyəcək yeganə həqiqət isə budur: bir insan istər yüksək ictimai mövqe sahibi olsun, istərsə də adi adam, istər şah olsun, istərsə də çoban, fərq etməz, o da öləndən sonra bütün insanlar kimi torpağın altına gedəcək. Dünyada əldə etdiklərinin ona heç bir faydası olmayacaq, yəni məzarda sadəcə olaraq öz sümükləri ilə baş-başa qalacaq. Belə bir halda heç kimin vəzifəsinə, sənətinə, qüvvəsinə və ya gözəlliyinə baxılmayacaq, yalnız onun bu dünyada Allah`ın istədiyi şəkildə yaşayıb-yaşamaması haqqında soruşulacaq. Hər bir insanın əbədi həyatındakı mövzu da bu dünyadakı davranışları, Rəbbinə qəlbən bağlı olub-olmaması haqqında olacaq. Bu insanlardan və onların axirətdəki vəziyyətindən Quranda belə bəhs olunur:

«Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Onlara xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Onun Allah`dan başqa heç bir dostu və havadarı yoxdur! O hər hansı  bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!» («Ənam» surəsi, 70).

Eləcə də tutduğu mövqeyə və vəzifəyə görə təkəbbür göstərib lovğalananlar, bütün bunları digər insanlar qarşısında bir üstünlük kimi görənlər bunun ağrı-acısını daha çox özləri çəkəcəklər. Çünki həmin məntiqlə baxdığımız zaman hamıdan daha üstün və daha yüksək mövqedə olan bir nəfər mütləq var. Əllərində olanlarla öyünən bu insanlar məqam və nüfuz baxımından onlardan bir pillə yüksəkdə dayanan adamların yanında əzilib alçalırlar. Bu da onları utandıran bir davranış tərzidir.

Bu mövzunun başqa bir tərəfi isə bu təkəbbürlü xarakterin dünyada həmin insana heç nə verməməsidir. Belə insanlar öz yaxın ətrafları tərəfindən nə qədər yüksəldilsələr də onlar əslində sevilməyən və yaxınlarının arzulamadığı insanlardır. Təvazökar insanlar isə ruhun, ağlın və əxlaqın daha mühüm şərt olduğunu anlayırlar. Onlar belə cəhətləri hətta gündəmə də gətirməzlər. Təvazökar olduqlarına görə də insanların gözündə ucalır, daha çox sevilir və sayılırlar.