Təkəbbürün ən başlıca səbəblərindən biri olan pul, gözəllik və mövqedən başqa insanların yüksək nəzərlərlə baxdıqları, böyük əhəmiyyət verib qürur məsələsinə çevirdikləri başqa mövzular da var. Məsələn, bitirilən və ya təhsil alınan məktəbin adı və xüsusiyyətləri bir çoxlarından ötrü çox mühüm etimad və nüfuz qazanmaq mənbəyidir. Həmin məktəb ələlxüsus da ödənişli və yaxud imtahanla qəbul edilən bir məktəbdirsə, insanlar bunu tez-tez dilə gətirib öz aralarında bununla öyünürlər. Lakin başqa məsələlər kimi bu məsələ də Allah`ın onlar üçün qoyduğu müəyyən yola əsasən həyata keçir. Buna görə lovğalanmaq əslində haqsız yerə təkəbbür göstərmək deməkdir. Çünki axirətdə heç kimdən bitirdiyi məktəb, mədəniyyət səviyyəsi, ağıl səviyyəsi haqqında soruşmayacaqlar (təbii ki, insanların bu məsələ ilə bağlı özlərini inkişaf etdirməsi çox vacibdir, lakin onların bunu edərkən özlərini öyüb ucaltması səhv hərəkətdir). İnsanlar öz Rəbbinin qarşısına çıxdıqları zaman yalnız Ona olan səmimi münasibəti, qəlblərindəki təqvaları (Allah qorxusu), göstərdikləri təvazökarlıq və yerinə yetirdikləri ibadətləri haqqında sorğu-suala tutulacaqlar.
Yalnız dünya həyatının müvəqqəti nemətlərini əldə etməyi özlərinə məqsəd sayan bu insanlar kiçik və böyük olmasından asılı olmayaraq malik olduqları bütün xüsusiyyətlərə əsasən təkəbbür göstərib lovğalanırlar. Xüsusən də mədəniyyət sahəsində bir bilik sahibi olmaq, özünə görə çox mühüm biliklər əldə etmək təkəbbürlü insanların əsas xüsusiyyətlərindəndir. Səthi düşüncənin xüsusiyyətləri yenə də bu məqamda ortaya çıxır. Çünki bir insan biologiya sahəsində dünyanın ən savadlı professoru ola və ya bu günə qədər dünyaya gəlib-getmiş insanlar arasında fizika sahəsində ən düzgün nəzəriyyələri irəli sürə bilər. Lakin onun qulaqardına vurmamalı olduğu bir məsələ var. Belə ki, o, hətta bütün biliklərindən istifadə etsə belə fizikanın bircə qanununu da dəyişdirə və yaxud bircə hüceyrəni də yarada bilməz.
Bura qədər sadalanan müəyyən məsələlərdən başqa kiçik məsələlərin felinə uyub təkəbbürə qapılan və üstünlük iddiasında olan insanlar da var. Məsələn, saçlarının xüsusiyyəti, boyunun uzunluğu, avtomobili, geyimi, kompüteri yaxşı bilməsi, gözəl səsə malik olması, vəzifəli dostlarının olması kimi primitiv mövzular bir çoxlarından ötrü təkəbbür göstərib lovğalanmağa səbəb olur. Lakin ağıllı insanlar bu tipli davranışların nə dərəcədə bəsit və mənasız olduğunu yaxşı anlayırlar.
Ağıllı insanlar olaraq öz həyatlarını təvazökarlıq üzərində quran peyğəmbərlər və möminlər bizlərdən ötrü ən gözəl nümunələrdir. Məsələn, Hz.Süleyman çox zəngin və güclü idi, lakin o bu imkanlarından yalnız Allah`ın razılığını qazana bilmək üçün istifadə etmişdi. Eyni zamanda Hz.Zülqərneyn də qövmlər üzərindəki hakimiyyətini Allah`ın dininə xidmət etmək üçün bir vasitə sayırdı. Hz.Davud isə əldə etdiyi mövqedə durarkən Allah`ın rizasına uyğun davranmağa və ədalətli olmağa xüsusi diqqət yetirmişdi.
Bu üstün insanlarla yanaşı Peyğəmbərimizin (s.ə.v.) yanında olan səhabələrin həyatı da müsəlmanlar üçün gözəl bir örnəkdir. Onların bir çoxu öz qövmünün yüksək, zəngin və mədəni təbəqəsinə məxsus ailələrin üzvləri olduqları halda Allah`ın dininə uyğun yaşamaqla ictimai mövqe, var-dövlət və ətrafdakı insanlar arasında seçim etmək lazım gəldikdə hamısı düşünmədən Allah`ı və Onun Rəsulunu (s.ə.v.) seçmişdi. Çünki onlar dünya həyatının vacib olmadığını, axirətin mühüm olduğunu bilirdilər. Onlar Allah`ı razı salmaq məqsədilə Peyğəmbərimizin (s.ə.v.) cərgəsində yer aldılar, lazım gələndə hicrət etdilər, mal-dövlətlərinə və sərvətlərinə, mövqe və nüfuzlarına əhəmiyyət vermədilər, bütün həyatlarını dinə xidmət etməyə sərf etdilər.
Allah`ın razı olduğu yol hamıya məlumdur. Var-dövlət, pul, gözəllik, zəka, nüfuz, gənclik və s. bu kimi bəzi xüsusiyyətlərə malik olan insanlar bilməlidirlər ki, bütün bunlar onlara Allah tərəfindən verilib və onlar bu nemətlərlə sadəcə olaraq imtahana çəkilirlər. Axirətdə də bunların hər birinə görə bir-bir imtahana çəkiləcəklər. Bunları dərk etməyib Allah qarşısında təkəbbür göstərən insanların mənəvi aləmindən bəhs edən bir ayə aşağıdakı kimidir: