Heç nədən zövq almırlar

Təkəbbürlü və lovğa insan normal şəkildə əylənməyi də bacarmır. Hamı tərəfindən bəyənilən, insanlarda sevincə və könül xoşluğuna səbəb olan hadisə və məkanlar onun üçün tamamilə başqa bir məna ifadə edir. Onlar belə şəraitdə başqalarında mənfi cəhətlər axtardıqları halda digər bir tərəfdən də özlərinin «ideal» olmalarını nümayiş etdirməyə çalışırlar. «Ağır hərəkət etməyi» və fərqlənməyi üstünlük, əylənməyi isə bəsitlik kimi qiymətləndirirlər.

Lakin nəticədə bunun acısını özləri çəkirlər. Onlar əylənmək, sevinmək, mənəvi rahatlıq, şadlanmaq kimi nemətlərin dadını bilmir və daim öz qaranlıq dünyalarında yaşayırlar. Çox maraqlıdır ki, belə adamlar düşdükləri sıxıntılı vəziyyətin səbəbini də heç cür dərk edə bilmirlər. Çünki belələri öz aləmlərində bir çox üstünlüklərə malikdirlər. Lakin daxillərində olan bu qüssədən, sıxıntıdan və narahatlıqdan heç bir vəchlə xilas ola bilmirlər. Belə ki, bu da Allah`a qarşı təkəbbür göstərən insanların düşüncə və anlayışlarının qapalı olduğunu göstərən dəlillərdən biridir. Çünki onların qəlblərinə bu sıxıntını verən qüvvə Onun qarşısındakı acizliklərini unutduqları və bununla da böyük bir aldanış içinə düşdükləri Rəbbimizdir.

Quranın «Ona: «Allah`dan qorx!» - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!» («Bəqərə» surəsi, 206) ayəsində təkəbbürlü insanların necə lovğalanmasından bəhs edilir. Allah da həmin «böyüklük iddiasının və təkəbbürün» və Onu «unutmalarının» müqabilində onlara daimi sıxıntı, narahatlıq və mənəvi əzabla dolu bir ruhi vəziyyət və mənfi cəhətlər vermişdir. Bu həqiqət bir ayədə belə ifadə olunur:

«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!» («Ənam» surəsi, 125).

Əlbəttə, bütün bu xüsusiyyətlər insana bu dünyada verilmiş bəlalardır. Belə insanların axirətdə görəcəyi əzab isə daha böyük olacaq.